Peşəkar fotoqraf və dağçı Əlzamin Cəfərov növbəti dəfə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü zirvəsinə qalxıb.
Əvvəllər həvəskar kimi başlasa da, son illər isə peşəkar səviyyədə məşğul olan Əlzaminin bu sahələrdə 15 ildir ki təcrübəsi var.
“Dağlara zamanla gedirəm. Bazardüzünə ikinci yürüşüm mənim üçün daha fərqli oldu. Artıq yeni qurduğum “Peaklight Wild” təşkilatının bayrağı da mənimlə idi. “Peaklight Wild” ilk addımını Azərbaycanın ən yüksək zirvələrində atdı, 4466 metrdə dalğalandı” – deyə dağçı fotoqraf öz hisslərini bölüşüb.
Fotoqrafın sözlərinə görə, “Zirvə işığı” mənasını verən “Peak light” təbiəti, dağları və fotoqrafiyanın “işıq” sözünü özündə birləşdirir. Hər ikisində əsas rolu işıq oynayır. “Vəhşi” kimi tərcümə olunan “Wild” isə həm təbiəti əks etdirir, həm də mətnaltı olaraq “dəli”, yəni, Kəlbəcər rayonunun İstisu qəsəbəsinə yaxın ərazidə yerləşən, dəniz səviyyəsindən 3616 metr yüksəkliyi olan Dəlidağa xitabdır.
Yeni yaradılan @peaklightwild instagram səhifəsinin məqsədi təbiət yürüşləri ilə fotoqrafiyanı birləşdirmək, izləyicilərə müəyyən bilik və təcrübələri paylaşmaq, komanda şəklində işləmək bacarığını inkişaf etdirməkdir. Eləcə də, fotoyürüşlər zamanı hissləri ötürmək, yürüşlərin ruhunu fotolarda əks etdirməkdir.
Qeyd edək ki, fotoqraf Əlzamin Cəfərov “Gilavara Foto Klubu” ictimai birliyinin üzvüdür.