XƏBƏRLƏR

Bakıda “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb

A+A-
Sıfırla

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.

Bakıda Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. 62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT