Gilavar Foto Klubunun təşkilatçılığı ilə ardıcıl altıncı dəfə keçirilən Baku 2024 adlı beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub.
Fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası və Amerika Fotoqraflar Cəmiyyətinin xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 53 ölkəsindən 219 fotoqraf tərəfindən 3 min 164 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və mənzərə mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Danimarka və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Yerli fotoqraflardan Valeriy Xlızov və Nadejda Cavadova hər biri fəxri lentvə diplom qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 4 mükafat əldə olunub.