İyulun 1-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin açılış tədbiri keçirilib.
Milli QHT Forumunun prezidenti Ramil İskəndərli layihəyə marağının yüksək olduğunu qeyd edib. O, forum olaraq hər zaman bu cür önəmli və faydalı layihələrin həyata keçirilməsini dəstəklədiklərini bildirib.
BAMF prezidenti Umud Mirzəyev çıxış edərək, QHT-lərin beynəlxalq platformalarda təmsilçilik imkanlarından və layihənin əhəmiyyətindən danışıb.
İnsan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən ilk təlim keçirilib. BMT-nin müqavilə və nizamnamə mexanizmlərinə həsr olunan birinci sessiyada sorğu vasitəsilə seçilmiş 20 QHT nümayəndəsi iştirak edib.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə məsul əməkdaşı Mehti Mehtiyev təmsil etdiyi qurumun bu istiqamətdə olan strategiyasından danışıb.
Layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiya nəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, təlimlərdə “Gilavar Foto Klubu” ictimai birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev də iştirak edir.