Fevralın 25-də müəllif kinosunun yaradıcılarından biri, italyan rejissoru Mikelancelo Antonioninin “Fotoböyütmə” bədii filmi nümayiş olunub. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilib. tədbiri kinotənqidçi, moderator Sevda Sultanova açıb.
kinotənqidçi Sevda Sultanova rejissorun yaradıcılığı haqda kiçik məlumat verib. O bildirib ki, rejissor “Antonioni Antonioni haqda” kitabında neorealizm estetikasının ilk əlamətlərini özünün 1943-cü ildə çəkdiyi qısametrajlı “Po çayının adamları” sənədli filmində əks etdirdiyini deyir: “Bu film internet resurslarında var, maraqlananlar tapıb baxa bilər. Bununla belə, İkinci Dünya müharibəsindən sonra bu estetikadan imtina edən ilk müəlliflərdən biri məhz Antonioni olub. 1952-ci ildə Vittorio De Sika “Umberto D” adlı neorealist üslubunda film çəkir. Bu film İtaliyanın Mədəniyyət Nazirliyi və həmçinin, kinotənqidçiləri tərəfindən kəskin tənqid edildi. Onların fikrincə, insanların maddi sosial problemlərini kəskin şəkildə göstərən bu cür filmlər çox qaramatdır, pessimistdir, vəziyyətdən çıxış yolunu göstərmir və ölkəni dünyada rəzil edir”.
1966-cı ildə Londonda çəkilən “Fotoböyütmə” filmi isə hər zaman üçün aktuallığını itirməyən sənət əsəridir. Müəllif “hər görünən gerçəkdirmi, faktların arxasında bilmədiyimiz hansı həqiqətlər gizlənir, reallıqla illüziyanın sərhədləri harada itir” kimi vacib suallar qoyur. Hazırkı dövrdə, sonsuz xəbər axınında bir-birinə zidd həqiqətlərin ortaya çıxması bu filmin böyüklüyünü təsdiqləyir.
Qeyd edək ki, film Xulio Kortasarın “Şeytanın tüpürcəyi” əsərinin motivlərinə əsaslanır. Kortasar isə bu əsəri Hiçkokun “Küçəyə açılan pəncərə” filmindən ilhamlanaraq yazıb. Filmin ssenaristləri M.Antonioni, Tonino Querra, operatoru Karlo di Palmadır. Baş rolları Devid Xemminqs, Vanessa Redqreyv ifa edirlər.
Film orijinal dildə, azərbaycanca altyazılarla nümayiş olunub.