XƏBƏRLƏR

“İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb

A+A-
Sıfırla

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən iqlim dəyişmələri mövzusunda məlumatlılığın artırılması, eləcə də ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə məsələlərinə töhfə vermək məqsədilə həyata keçirilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb.

Layihəyə ümumilikdə 20-yə yaxın müxtəlif ölkədən fotoqraflar öz orijinal işləri ilə qoşularaq, iqlim dəyişmələrinin həyatımızın müxtəlif sahələrinə təsirlərini fərqli yanaşmalarla təsvir etməyə çalışıblar.

Azərbaycanlı fotoqraflarla yanaşı, layihədə ABŞ, Almaniya, İspaniya, İtaliya, Polşa, Macarıstan, Rusiya, Hindistan, Argentina, Myanma, Nigeriya, Tacikistan, Nepal, İraq, Əfqanıstan kimi ölkələrdən olan istedadlı fotoqraflar iştirak ediblər.

Peşəkar münsiflər heyəti tərəfindən müsabiqənin qaydaları və meyarlarına əsasən bir sıra müxtəlif kriteriyalar üzrə aparılan qiymətləndirmə prosesi nəticəsində layihənin qalibləri müəyyən olub. Beləliklə, myanmalı fotoqraf So Pyay Lynn “Çətin həyat” adlı fotosu ilə birinci, macarıstanlı fotoqraf Adam Fath “Quruyan gölün çiçəkləri” fotosu ilə ikinci, nigeriyalı fotoqraf Adebote Mayova isə “Makoko” əsəri ilə üçüncü yerə layiq görülüblər. Sözügedən fotoşəkillər iqlim dəyişmələrinin qlobal təsirlərini əks etdirməklə bu ortaq problemin həll yolları üzərində düşünməyə, onu daha dərindən dərk etməyə dəvət edir.

Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, noyabr ayının 20-sində layihənin seçilmiş fotoşəkillərindən ibarət sərgi COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşəcək Azərbaycan pavilyonunda təşkil ediləcək. İqlim fəaliyyətinin dinamik mərkəzi olacaq COP29-un Yaşıl Zonasında bu ekspozisiyanın təşkili müsabiqə iştirakçıları və qaliblərinə öz əsərləri ilə ünvanlamaq istədikləri çağırışların qlobal auditoriyaya çatdırılması, eləcə də qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.

Xatırladaq ki, avqust ayının 1-də COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dünya fotoqraflarını iqlim dəyişmələri ilə bağlı vizual hekayələr vasitəsilə qlobal dialoqa qoşulmağa dəvət etmək, aktual iqlim problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və aktiv maarifləndirməni dəstəkləmək məqsədilə elan edilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqəsi elan edilmişdi.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT