“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fotoqrafiya istiqaməti üzrə təlimçisi Orxan Əzim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Qırğızıstanda keçirilən “TÜRKSOY Fotoqraflarının Toplantısı”nda iştirak edib.
Toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkiyə və Şimali Kiprdən fotoqraflar qatılıb. Tədbir çərçivəsində master-klas, dəyirmi masalar və sərgi təşkil olunub.
Təlimçi Orxan Əzim tədbir iştirakçılarını Mərkəzin xidmət istiqamətləri barədə məlumatlandırıb, təlim prosesi və fəaliyyəti əks etdirən təqdimat edib.
Tədbir ilə əlaqədar Oş şəhərindəki Turqunbay Sadıqov adına incəsənət muzeyində türk dünyasının fotoqraflarını bir araya gətirən ekspozisiyaya baxış olub. Ekspozisiyada UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Süleyman dağı abidəsinin fərqli mövsümlərdə və müxtəlif bucaqlardan çəkilmiş fotoları yer alıb.
Qırğızıstanın hökumət nümayəndələrinin də iştirak etdiyi sərgidə Orxan Əzimin çəkdiyi fotolar nümayiş olunub, onun iştirakı ilə toplantıya qatılan müxtəlif ölkə fotoqraflarına master-klas keçirilib.
Orxan Əzim tədbirdə iştirakına görə təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi öz üzvlərinin və azərbaycanlı fotoqrafların ölkədə və xaricdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında, təlim və seminarlarda iştirakına dəstək göstərir.