Noyabrın 6-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayıb: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıblar”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayandığını vurğulayıb.
Müzakirələrdə Prezident İlham Əliyevin AMEA-dakı nitqindən müvafiq çıxarışlar da səsləndirilib.
İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.
Müzakirələrdə “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev də iştirak edib.
























