Seçim prosesində ilk növbədə gənclərin intellektual səviyyəsinə diqqət etdik. Çünki bugünkü zamanda sadəcə dərs demək, kitabdan nəyisə tədris etmək o qədər də önəm daşımır. Mənim üçün bu gün ən vacib şərtlərdən biri gənclərin intellektual səviyyəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rauf Umudov bildirib.
Onun sözlərinə görə, bu gün fotoqrafiya sənətinə yalnız kommersiya vasitəsi kimi yox, həm də dərin fəlsəfi məna daşıyan bir sahə kimi yanaşmağa ehtiyac var:
“Vacib deyil ki, kursu bitirən gənclərin hamısı sabah mütləq peşəkar fotoqraf olsun. Əsas odur ki, onların dünyagörüşü genişlənsin, təsviri sənətin fəlsəfəsini duysunlar. Mən çalışmışam ki, tədrisdə xüsusilə bu tərəfi ön plana çıxarım. Çünki texniki tərəfi öyrənmək asandır – bu gün istənilən internet səhifəsindən, sosial şəbəkədən texniki bilik əldə etmək mümkündür. Amma fəlsəfəni öyrənməyin hazır resepti yoxdur. Onu gənclərə yaşatmaq lazımdır. Onlar bu prosesi özləri yaşadıqca artıq onu hiss etməyə başlayırlar”.
Rauf Umudov bildirib ki, bu gün keçirilən təqdimat prosesi onların fəaliyyəti üçün son nöqtə deyil, əksinə, yeni mərhələnin başlanğıcıdır: “İndiyə qədər tələbələrim həmişə sonadək mənimlə bir yerdə olublar. Mən onlara təkcə ümid vermirəm, eyni zamanda onlarla işləyir, gələcəkdə daha böyük nailiyyətlər qazanmalarına kömək etməyə çalışıram. Bu sənəti yaşatmaq üçün yeni gələnlərə yol açmaq vacibdir. Bu gün biz nəyi yaşadırıqsa, sabah onu onlar davam etdirməlidirlər. Ona görə də fotoaparatı sadəcə təsvir çəkənlərin əlinə vermək yox, bu işin fəlsəfəsini dərk edən insanların öhdəsinə buraxmaq lazımdır”.
Mənbə: AZƏRTAC



