FOTOXƏBƏRLƏR

Bakı Bulvarında “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi açılıb

A+A-
Sıfırla

Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub.

Dənizkənarı Milli Parkda bir ay davam edəcək sərgi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq proseslərini və “Böyük Qayıdış” Dövlət Proqramının nəticələrini əks etdirir. Sərgi vasitəsilə paytaxt sakinləri və qonaqlar Azərbaycanın qısa dövrdə həmin ərazilərində həyata keçirdiyi müasir şəhər modelləri ilə tanış ola biləcəklər.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda, 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir.

Görülən işlər nəticəsində artıq həmin ərazilərdə bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.

“Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi bu transformasiyaların ruhunu vizual olaraq çatdırır. Qarabağın və Şərqi Zəngəzurun dirçəliş hekayəsi fotoqrafın obyektivindən canlanır. Fotoşəkillərdə əks olunan bütün şəhərsalma və infrastruktur layihələri, habelə doğma yurda qayıdış səhnələri Zəfərin simvolu kimi böyük nikbinlik və gələcəyə inam aşılayır.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail