Bakı metropoliteninin “İçərişəhər” stansiyasında Azərbaycanın Əməkdar mədəniyyət işçisi, görkəmli forojurnalist Fərid Xayrulinin xatirəsinə həsr olunmuş sərgi açılıb. “Ən böyük mükafat həyatın özüdür” sərgisinin adı görkəmli fotoqrafın özünə həyatın qayəsi seçdiyi ifadədən götürülüb.
Xayrulin Azərbaycanın məşhur “Abşeron”, “Azərbaycan gəncləri”, “Vışka” və “Bakı-Baku” kimi dərgilərində çalışıb. 1984-cü ildən o, SSRİ-nin dünyaca məşhur TASS agentliyinin Azərbaycan bölməsinini əməkdaşı olub. 1988-ci ildən “Azərinform” agentliyində işləyib.
Müstəqillik illərində Fərid Xayrulin Avropanın ən yaxşı reklam fotoqraflarından biri olan İqor Saxarovun yanında təcrübə keçərək, peşəkar reklam çəkilişləri ilə yaxından məşğul olmağa başlayıb və böyük uğurlar qazanıb. Onun FGF peşəkar rəqəmsal fotostudiyası Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış liderlər sırasında yer alıb.
Azərbaycanın azadlıq mübarizəsini və müstəqilliyin ilk illərində Azərbaycanın haqq səsini, həqiqətləri dünyaya yayan fotojurnalist kimi Fərid Xayrulinin ölkəmiz qarşısında danılmaz xidmətləri var. Ölkəmiz informasiya blokadası şəraitində olduğu dövrdə onun materialları xarici mətbuatda geniş yer alıb. 1989-cu ildə o, erməni silahlı qruplaşmalarının blokadada saxladığı Şuşa şəhərinə və bir neçə kəndə birinci humanitar kömək karvanını müşayiət edib. Həmçinin erməni qəsbkarların Qarabağda törətdikləri terror aktları, xüsusən Ağa körpüsü, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 Yanvar faciəsini xarici agentliklərə, o cümlədən AP, “France Presse”, “Gamma”, “Sipa”, “Reuters”ə çatdırıb.
Fərid Xayrulin 1990-cı ildə Moskvadan qayıdan Heydər Əliyevi Bakı hava limanında qarşılayan yeganə jurnalist olub.
O, çoxsaylı mükafatların sahibi və fotosərgilərin təşkilatçısı kimi Azərbaycan fotoqrafiya sənətində daim xatırlanacaq sənətkardır. 21 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Əməkdar mədəniyyət işçisi” adı verilib.
Tədbirin açılış mərasimində çıxış edən Dinarə Xayrulina Fərid Xayrulin kimi sənətkarın qızı olmağın qürurundan, lakin həm də bunun məsuliyyətindən danışıb. O, Fərid Xyrulinin həm ata, həm də sənət fədaisi kimi daim ətrafında olan insanlara qayğıkeş münasibətini vurğulayıb. Dinarə Xayrulina dövlətin sənətkarın yaradıcılığına yüksək qiymət verdiyini qeyd edərək minnətdarlığını bildirib. O, Xayrulinin xatirəsinə və xidmətlərinə ehtiramın ifadəsi kimi, sərginin təşkilatçısı olan “Bakı Metropoliteni” QSC-nin kollektivi və rəhbərliyinə təşəkkür edib.
Fərid Xayrulin yaradıcılığında Bakı metropoliteninə də geniş yer ayırıb. Onun fotoobyektivində stansiyalar milli memarlıq ənənələrimizin ən gözəl nümunələri sırasında xüsusi yer alıb. Forolarında hər bir stansiyanın fərdi özəlliyini xüsusi nəzərə çarpdıran Fərid Xayrulin bu əsərlərdən yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlərdə daim istifadə edib.
2015-ci ildə Bakı metropoliteninin ən böyük sosial layihələrindən biri olan istifadə qaydalarına həsr olunmuş çəkilişlərin də müəllifi Fərid Xayrulin olub. Sərnişinlər arasında rəğbətlə qarşılan bu layihənin ərsəyə gəlməsində və uğurlu alınmasında Fərid Xayrulin təşəbbüs və təklifləri, yaradıcılıq yanaşması ilə xüsusi töhfəsini verib.
May ayının 20-dək stansiyanın vestibülündə davam edəcək sərgidə yer almış Fərid Xayrulinin zəngin sənətinin Azərbaycanı tərənnüm edən ən parlaq, rəngarəng fotoəsərləri, Bakı metropoliteninə həsr etdiyi fotolar, avtoportreti və Bakı metropolitenində bir layihə çərçivəsində onunla bağlı foto çəkilişləri əks etdirən nümunələr yer alıb.