XƏBƏRLƏR

Memarlıqdan fotoqraflığa gedən yol: “Ədalətsizliyi və gözəlliyi çəkib göstərmək istəyirəm” – MÜSAHİBƏ

A+A-
Sıfırla

Dünyanın ən məşhur fotojurnalistlərindən biri həmvətənimiz Rza Diqqəti 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. “Nathional Gegraphic”, “GEO” və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy daha çox dünyanın qaynar nöqtələrindən, müharibə bölgələrindən fotoreportajlar hazırlayır.

– İstərdim birinci fotoqraflığa gedən yolda ilham qaynağınızdan bəhs edəsiniz. Bu sənətə sizi nə gətirdi?

– 13 yaşımda fotoqraflığa başlamazdən əvvəl içimdə elə bir incəsənət yolu axtarırdım ki, bununla ürəyimin sözünü deyə bilim. Mənim üçün əsas olan ürəyimin sözünü demək idi. Uşaqlıqdan bu günə qədər ürəyimi titrədən, emosional yanaşdığım iki mövzu var idi: ictimai ədalətsizlik və gözəllik. İncəlik, zəriflik, gül-çiçək, bulud kimi gözəllikləri görəndə mənə emosiya gəlirdi təbii olaraq. Eyni hissləri küçələrdə ayaqyalın uşaqları, dilənçiləri, kasıb adamları görəndə də yaşayırdım. Düşünürdüm bu hisslərimi, sözümü rəsmlə çatdıra bilərəm, amma onu öyrənə bilmədim. Sonra fotoqraflığa gəldim. O zamanlar fotoqraflıq bir sənət və peşə kimi tanınmır, qəbul edilmirdi. Ona görə mən universitetdə “memarlıq” ixtisasına qəbul oldum. Bitirdikdən sonra bu sahədə çalışdım, evlər tikirdim. Lakin “memarlıq” oxuyanda da bütün fikrim fotoda idi. Universitetdə bir az vaxt və pul tapan kimi, qaçırdım film almağa, foto çəkməyə və səfərlər etməyə. 1979-cu ildə 26-27 yaşım olanda dedim ki, ya ömrümün axırına kimi ofisdə oturub ev inşa edəcəyəm, ya da foto çəkəcəyəm. Özümə dedim ki, çıx get buradan. Birdən-birə hər şeyi buraxdım. Nə olacağını belə bilmirdim. Bir neçə həftədən sonra fotoqraf kimi iş tapdım.

– Siz ən qaynar nöqtələrdən çəkilən, dünya mediasının istifadə etdiyi və tarixə çevrilən ilk fotoların müəllifi olmağı daim bacarmısınız. İranda 1979-cu il inqilabından tutmuş Qarabağda hər iki müharibəyə qədər. Bu taleyin işidirmi, yoxsa hər şey plana uyğun baş verib?

– Az öncə dediyim kimi, ədalətsizliyi çəkib göstərmək istəyimdən yola çıxaraq gördüm ki, dünyada ən böyük ədalətsizlik müharibədir. Çünki müharibələrin yüzdə doxsanı iqtisadi məsələlərdən dolayı olur. Birini varlı et, birinin torpağını tut, evini al, neft yatağı varsa, onu al. Sonra gördüm ki, bu müharibələrdə ən çox qadınlar və uşaqlar qurban olurlar. O zamandan dünyaya müharibənin nə qədər lazımsız bir mövzu olduğunu göstərmək istəmişəm.

– İlk dəfə çəkdiyiniz fotonu və öz təəbirinizcə desək, cəbhə yoldaşınızın markasını xatırlayırsınız?

– İlk fotomu 13 yaşımda çəkmişəm. O zaman ki, artıq həmin fotoaparatın yol yoldaşım olacağını bildim, onu öyrənməyə başladım. Təbrizdə həyətimizdəki ağacda bir quş var idi, onu çəkmək istədim. Düşündüm maraqlı olar. Yavaş-yavaş yaxınlaşdım ağaca. Aparatı hazırlamağa başladım. Aparatda şəkil çəkmək üçün bir klik var idi. Ona toxunanda səs çıxardı və quş uçub getdi (gülür). Və mən də ağacın şəkilini çəkə bildim.

– Bir az böyüyüb boya-başa çatdığınız Təbrizdən danışaq… Uşaqlığınızın Təbrizi üçün darıxırsınızmı?

– Bilirsiniz, hər insanın uşaqlığı harada olmasından asılı olmayaraq, həmişə yadında qalacaq. Hətta lap çətin vəziyyətdə, körpünün altında yaşayan uşaqlar belə olsa, ata-anası yanındadırsa, onların cənnəti də oradır. Ona görə o zamanlar, dostlar, səslər adamın yadından çıxmır. İnsanın beyni format olunub yenidən işə salınanda belə, uşaqlıqda nə varsa, o qalacaq. Sözün düzü, mən Təbrizdə anadan olmuşam, orada böyümüşəm, amma anam və atam əslən Ərdəbildəndir. Bütün xalalarım, əmilərim orada yaşayırdılar. Ərdəbillə də əlaqəmiz yaxşı idi. Hər il 2-3 ay gedib orada qalardıq.  Uşaqlığım da bu iki şəhərin küçələri, yolları arasında keçib.

– İran inqilabı zamanı ABŞ səfirliyinin mühasirəyə alınması hadisəsi haqda dünya mediasını görüntülərlə təmin edən yeganə jurnalist idiniz. Bu necə baş verdi, oraya necə daxil ola bildiniz? Nəzərə alsaq ki, orada acıqlı kütlə sizi linç edə bilərdi.  Fotoları o dövrün çətin şərtləri altında hansı yollarla dünya mediasına çatdırdınız?

 

– O zaman ki, inqilab təzə başlamışdı hökumət indiki kimi qapanmamışdı. Mollalar hələ əllərini hər yerə keçirməmişdilər. İnqilabdan 1 il sonra işlər əvvəlki qaydada davam edirdi. O zaman mən “Newsweek” jurnalında iş tapıb çalışmağa başlamışdım. “Sipa Press” adlı bir fransız foto agentliyi var idi. Onun da kökündə Gökşin Sipahioğlu adlı bir türk dayanırdı. O yaratmışdı. Həmin dövrdə dünyada ən önəmli üç fotoagentlikdən biri də məhz o idi. Mən bu agentliklə Parisdə tanış olmuşdum və həm də onlarla çalışırdım. İranda rəsmi xarici agentliyin nümayəndəsi idi. O kartla istənilən yerə gedib-gəlmək rahat idi. Amma həmin gün ABŞ səfirliyində olmağım öz peşəm səbəbindən oldu. Mən ondan 2 gün öncə başqa şəhərdə – İranın cənubundakı Əhvazda idim. Orada fotoreportaj edirdim. Çətinliklə də olsa çalışdığım agentlikdən helikopter aldım ki, fotolar çəkim. Axşamlar qayıdanda xəbərlərə radioda qulaq asırdım. Fikir verirdim ki, Xomeyni 2 gün ardıcıl olaraq ABŞ səfirliyinə qarşı acı sözlər deyir: “Onlar hamısı casusdur, onları çıxarmalıyıq” və sair kimi. Mən də jurnalistəm axı, görürəm ki, birinci bu sözü deyirdi sonra isə başlayırdı icra etməyə. Mən də oturub düşünürdüm ki, nə ola bilər? Amma bir yandan da deyirəm Xomeyninin danışmağından məsələ böyük olduğu bəllidir. Oradan Tehrana jurnalist dostlara zəng edib soruşurdum ki, hər hansısa bir xəbər varmı? Deyirdilər ki, yox. Yenə də ürəyim dözmədi, Əhvazdakı işimi buraxdım və gecə ilə özümü Tehrana çatdırdım. Soruşdum, dedilər ki, Tehran Universitetində mətbuat konfransı təşkil edilib, bütün jurnalistləri oraya çağırıblar. Düşündüm indiyə qədər belə bir konfrans olmayıb axı. O universitet də elə bir yer idi ki, bir qapını bağlasalar, oradan kimsə çıxa bilməyəcəkdi. Dedim bunların planları bütün jurnalistləri bir yerə yığıb, başqa yerdə təxribat etməkdir. Jurnalist hər sözə şübhə ilə baxır axı. Bu fikirlərin hər biri beynimdə cəmləndikdən sonra düşündüm bir ayətullah konfrans keçirəcək mən də orada olmalıyam. Maşınımı götürmüşəm. Evdən universitetə 10 dəqiqəlik yoldur. Amma yenə də ürəyim dayanmır ki, gedim ABŞ-nin səfirliyinə bir baş çəkim, görüm orada vəziyyət nə yerdədir. Elə ora çatan kimi gördüm ki, səs-küy, insanlar toplaşıb, vəziyyət qarışıqdır, neçə nəfər divardan bir-bir atlayıb içəri keçirlər. Fotoaparatımı çıxarıb hazırladım. Baxıram ki, səfirliyin qapısı da dəmirdəndir və içərini görmək olur. O zaman inqilab vaxtı belə hadisələr çox olurdu. Bir də görürdün divardan aşıb Şahın evinə, nazirliklərə keçirdilər. Biz jurnalistlər də eynilə divardan keçib gedirdik ki, şəkil çəkə bilək. Səfirlikdə 2-3 şəkil çəkəndən sonra divardan aşıb qışqıraraq düşdüm aşağı ki, görəsən nə olacaq. Həmin insanların üstündə Xomeyninin şəkili olan A4 kağızı kimi imzalı posterlər var idi. Mən də düşəndə soruşdular ki, bəs, sənin kağızın hanı? Dedim, məndə yoxdur. 4-5 nəfər məni tutub oradan çıxarmaq istədilər. Mən qayıdıb, gəldim küçəyə. Gördüm, amerikalıları tutub gözlərini bağlayıb, aparırlar. Qapının millərinin arasından şəkilləri çəkirdim. Konfrans filan yadımdan çıxdı. Qayıdıb şəkilləri hazırladım. O zaman bizim xarici jurnalist kimi, aeroporta gedib karqo göndərməyə icazəmiz var idi. Plyonkaları paketə qoyub, Parisə göndərərdik. Sonra qayıtdım universitetə. Jurnalistlər yenicə konfransdan çıxdılar və xəbər tutdular ki, ABŞ səfirliyində belə bir hadisə olub. Sanki yuxudan ayılmış kimi oldular. Məni görüb soruşdular: “Rza, bilirsən nə olub?”. Daha demədim ki, mən şəkilləri çəkib hava limanından göndərmişəm (gülür). Mənim çox yerdə olmağım peşəmlə bağlıdır. Jurnalist gərək hər mövzuya əvvəlcə şübhə ilə yanaşsın. Düşünsün ki, bəlkə mənə dedikləri kimi deyil.

– Birinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə necə daxil olmuşdunuz? Xüsusilə bütün Azərbaycan oxucuları üçün sizin “Şuşada sonuncu çay qonaqlığı” fotosunun tarixçəsi hər zaman maraqlı olub. Doğrudan da orada çay süfrəsi açılmışdı? Hansı ki, o sonuncu oldu…

– Müharibə başlayanda əslində bir neçə müddət idi ki, Qarabağa getmək istəyirdim. Birinci dəfə Azərbaycana 1987-ci ildə gəlmişdim. Sonra 20 Yanvarda özüm gəlib çəkmişdim. O dönəmlərdə mən bir neçə jurnalda “freelans” kimi çalışırdım. Və bir yerə səfər etməzdən əvvəl hər birinə məlumat verirdim ki, məsələn Əfqanıstana filan mövzunu çəkmək üçün gedirəm. Bəzən həmin jurnallardan bir neçəsi, bəzənsə, hər biri istəyirdi ki, onlar üçün də material hazırlayım. Bütün xərclərimi də qarşılayırdılar. Amma mövzu Qarabağ müharibəsi olanda heç bir jurnal qəbul etmədi. Dəfələrlə mənə demişdilər ki, Ermənistana getsən, pul da verəcəyik, xərcləri də qarşılayacağıq, amma Azərbaycanı istəmirik. Ondan sonra 1991-ci ildə Əfqanıstanda işim çox idi. Lakin planımda Azərbaycanı gəlib çəkmək də var idi. 1992-ci ildə Parisdə Ramiz Abutalıbov adlı bir azərbaycanlı dostum var idi. O mənə telefon zəngi etdi və dedi ki, Bakıdan çox pis xəbərlər var. Sanki soyqırımı olub, amma nə baş verdiyini dəqiq bilmirik. Mən də düşündüm ki, elə vaxtım var. Jurnallar da qəbul etmədiyi üçün cibimə baxıb, son pulumla gəldim Bakıya. O vaxt da bütün xarici qonaqlar Bakıda indiki “Hilton” hoteldə qalırdılar. Həmin hotel otaqlarının birində Türkiyə səfiri, birində ABŞ səfiri, birində mən və digər bu kimi qonaqlar qalırdı. Bir-birimizi şam yeməyində görüb, söhbət edirdik. Hoteldəki ilk gecəmdə söhbət edəndə dedilər biz də eşitmişik ki, nə isə baş verib, amma bölgəyə getməyə icazə vermirlər. Sabahı getdim Mədəniyyət Nazirliyinə. Mənə dedilər ki, getməyinizə icazə verməyəcəyik.

– Nə üçün icazə vermirdilər? Nə səbəb gətirirdilər?

– Səbəb olaraq ərazinin təhlükəli olduğunu, mənim təhlükəsizliyimi təmin edə bilməyəcəklərini vurğulayırdılar. Dedim, təhlükəsizliyim öz əlimdədir. Mən 12 ildir dünyanın hər yerində müharibə fotoları çəkirəm. Çox adam da məni tanıyırdı. Təklif də etdim ki, istəsəniz sənəd imzalayıb verim, siz də arxayın olun, başıma nə isə gəlsə, məsuliyyəti özüm daşıyıram. Biri qayıdıb mənə dedi ki, gərək kağızı notariatdan gətirəsən. Gördüm, bunlar fırıldaq edir (gülür) dedim, yaxşı, gedim öz çarəmi özüm qılım. Hotelə gəlib düşünməyə başladım ki, görəsən necə gedə bilərəm. Oradakı Fransa səfiri mənə dedi ki, Rza, bu gün bura iki qadın, iki kişi olmaqla 4 fransız tibb işçisi gəlib. Həmin adamlarla söhbət etməyə qərar verdim. Onları görən kimi tanıdım. Çünki illərlə başqa müharibələrdə bir yerdə olmuşduq. Onlar tibbi, humanitar yardım daşıyırdılar. Dedilər, biz Xankəndiyə yardım aparmaq üçün gəlmişik. Mən də bu cavaba təəccübləndim. Dedim axı, Xankəndiyə niyə? Cavab verdilər ki, azərbaycanlılar ermənilərə qarşı soyqırımı edib. Sonra ağlıma gəldi ki, mən gəlməmişdən əvvəl də bütün Fransa mediası “azərbaycanlılar erməniləri qırırlar, öldürürlər”, – kimi xəbərlər tirajlayırdılar. Həmin tibbi nümayəndə Müdafiə Nazirliyinə gedib, icazə ala bildi. Halbuki, məni getməyə qoymamışdılar. Mən həmin nümayəndələrdən xahiş etdim ki, adımı siyahıya salsınlar. Onlara da xoş təsir etdi ki, orada şəkillərini çəkərəm və sair. Sonra biz yola düşdük. Yolda bir neçə dəfə yoxlamalar oldu. Rahat Ağdama kimi keçib getdik. Ağdamda xəstəxana müdirinin evinə getdik. Müdirlə söhbətim əsnasında Xocalı soyqırımından, orada baş verən dəhşətlərdən danışdı.

– Baş verənlərə Fransadan gələn tibbi nümayəndənin reaksiyası necə oldu?

– Tibbi nümayəndə heyətinin tərcüməçisi müdirin danışıqlarını onlara tərcümə edirdi, amma onlar inanmırdılar. Görürdüm, öz aralarında danışırdılar ki, necə ola bilər bütün dünya mətbuatı azərbaycanlıların erməniləri öldürdüyünü yazır, amma bunlar fərqli danışırlar, yalan deyirlər. Xəbər tutdum ki, insanlar Ağdam məscidinin arxasına yığışıblar. Yolda Allahverdi Bağırovla tanış oldum və onunla söhbət etdim. Məni apardı məscidin arxasına dedi, adamlarla özün söhbət elə. Mən onları bir-bir dinlədim. Bir yandan da ürəyim partlayır ki, belə faciə olub, amma dünyanın xəbəri yoxdur. Başladım şəkil çəkməyə. Sonra qayıtdım tibbi nümayəndələrin yanına. Onlar gözləyirdilər ki, yollar açılsın Xankəndinə getsinlər. Mən eşitdiklərimi və gördüklərimi onlara danışdım. Çaşıb-qaldılar ki, necə ola bilər. Dedim, tərcüməçinizi də götürün, gəlin mənimlə. Gələndə gördülər ki, ortada cansız bədənlər var, meyitlər çox pis şəkildə məhv edilib, işgəncələr verilib. Bir-iki gün sonra Allahverdi Bağırov azərbaycanlı və erməni əsirləri arasında dəyişilmə edirdi. Biz də yollandıq oraya. Əsirlərlə danışdım və tibbi heyətə də dedim ki, tərcüməçinizi gətirin, görün, bu əsirlərin başlarına nə oyunlar gətirilib. Artıq gəlməyimizin dördüncü günü idi. Orada İsveçrədən Qırmızı Xaç Komitəsi gəlmişdi. Azərbaycana məxsus meyitləri gətirib təhvil verməklə məşğul idi. Onlarla da söhbət etdik. Onlar elə faciələrdən danışdılar ki, hamımızı ağlatdılar. Fransızlar birdən anladılar ki, bunları oyuncaq kimi istifadə ediblər. Onlar dedilər Rza, biz tərəfimizi seçdik, Fransadakı ofis razı olmasa da gətirdiyimiz dərmanları Ağdam xəstəxanasına verib qayıdırıq. Mən və oradakı hər kəs bundan xoşbəxt oldu. Çünki dərman əsas Ağdama lazım idi. Hər gün yaralılar gəlirdi, vəziyyət pis idi.

– Bəs Şuşaya necə gedə bildiniz?

– Mən işimi bitirdikdən sonra düşündüm gedim müharibənin digər bölgələrinə – Füzuli, Laçın, Zəngilan və Şuşaya. Əsasən də istəyirdim ki, özümü Şuşaya çatdırım. Amma dedilər ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb maşınla getmək olmur. Soruşdum ki, bəs, piyada yolu varmı? Biri gülüb cavab verdi: bir piyada yolu var, o da Cıdır düzü tərəfdəndir. Lakin snayperlər vuracaq səni. Dedim, yaxşı mən getdim. Orada gedəndə başladılar snayperlə vurmağa. Birinci güllə papağımın yanından keçdi. Dağın üstüdür, gizlənməyə də yer yoxdur. Bir neçə dəqiqədən sonra ikinci güllə qulağımı cızıb keçdi. Yenə də yoluma davam elədim. Üçüncüsü isə ayağımın arasından keçib torpağa dəydi. Ziqzaq şəklində yolumu dəyişərək, özümü axır ki, çatdırdım. Ordu yox idi. Azərbaycanlı könüllüləri gördüm. Biri saz ifaçısı idi, digəri idmançı, başqa biri çörəkçi. Qadın və uşaqlar isə zirzəmilərdə gizlənmişdilər. Könüllülər məni tanıdı. Gedib o zamankı icra hakimi ilə danışdım. Hər şeyin darmadağın olduğunu müşahidə etdim. Ermənilər şəhər davamlı olaraq artilleriya atəşinə tuturdular. Yaralananlar, ölənlər var idi. O zaman hər ailəyə bir çörək verirdilər. Yaralılara dərman yox idi. Belə şəraitdə 10 gün qaldım Şuşada. Bir tərəfdən də anlayırdım ki, yaxın vaxtlarda şəhəri ələ keçirəcəklər. Çəkdiyim bütün şəkilləri üzərimdə gəzdirdim. Öz-özümə dedim ki, Rza, şəhər işğal olunsa, ermənilər plyonkaları əlindən alacaqlar. Xocalının şəkillərini çatdıra bilməyəcəksən. Ona görə də vaxtında çıxıb gedim. Həmin könüllülər arasında olan Ramiz Qəmbərov adlı sazçalan komandir olmuşdu. Onlarla sonuncu dəfə sağollaşmaq üçün toplaşdıq. Dedim, gedəndə bilmirəm məni bəlkə snayperlə vura bilərlər, sizin də aqibətiniz məlum deyil. Gəlin, müharibəni yaddan çıxaraq, gözəl bir kəklikotulu çay içək Şuşa qalasının yanında. Orada 4-5 nəfər oturduq çay içdik, şəkil çəkdim və sağollaşdıq. Bir dənə də qrupla kollektiv şəkil çəkdik. Sonra eşitdim ki, Ramizi vurdular və 2 həftə sonra da Şuşanı almışdılar. Amma həmişə içimdə inam olub ki, azərbaycanlılar mütləq qayıdacaqlar və ikinci çayı da içəcəyik orada. Belə də oldu.

– İkinci Qarabağ müharibəsi və ərazilərimizin işğaldan azad olunmasından sonra o torpaqlara, eləcə də Şuşaya səfər edən ilk şəxslərdən biri məhz siz idiniz. Maraqlıdır, oraya ilk ayaq basdığınız an nə düşündünüz?

– Biri istisna olmaqla, bütün müharibələrin əleyhinə olmuşam. O da öz torpaqlarını azad etmək, evini düşmənin işğalından geri almaq üçün aparılan müharibədir. Bu, müqəddəs mövzudur. Ona görə Şuşaya çatmaq özü böyük məsələ idi. İçimdə bir gün dünyada zülmün qalmayacağına dair olan inam Şuşaya ayaq basanda yenidən canlandı.

– Azərbaycanda şahid olduğunuz və sizi təsirləndirən bir mənzərə ilə qarşılaşmısınızmı?

– Necə deyərlər, çox gəzmişəm bu dağları, bu daşları. Günü tam yadımda deyil, amma hansı ki, Xudafərin körpüsünə çatan birinci jurnalist idim. Şəklim də var. Selfi çəkməyi heç xoşlamıram, sevmirəm, amma orada çəkdiyim bəlkə də mənim ilk selfilərimdəndir (gülür). O zaman mənə çox təsir etdi və hələ də yadımdadır. Körpünü ilk gördüyüm anda ana-atamın “həsarət körpüsü” adlandırmaqlarını xatırladım. Ayrılığı, azərbaycanlıların iki yerə bölünməsini… Həmişə deyirəm ki, mollalar İranı işğal ediblər. Necə ki, bir zamanlar Azərbaycan SSRİ-nin, Qarabağ Ermənistanın işğalında idi. Mollalar din adına bir milləti əsir ediblər. 43 ildir oraya gedə bilməmişəm.

– Getmək istəyərsinizmi?

– Bu şəraitdə getmək olmaz. Bunlar bir mafiya, cinayətkar adamdırlar ki, onlara etimad etmək olmaz.

– Sizi nə şah rejimində, nə də molla rejimində qəbul etdilər. Təqiblərdən sonra 1981-ci ildə mühacirət etməyə məcbur qaldınız. Maraqlıdır, sizin üçün azadlıq nədir?

– Azadlıq bütün bəşəriyyət üçün ən sevimli kəlmədir. Azadlıq və iradə gərək ikisi birgə olsun. Belə bir söz var deyirlər, cənnət heç kəsin bir-biri ilə işinin olmadığı yerdir. Biri var azadlıq, biri də var qarışıqlıq. Azadlıq o demək deyil ki, hər istədiyini edəsən, yox. Mənim azadlığım, sənin azadlığının divarına qədərdir. İnsanlar gərək rahat yaşaya bilsinlər. Bir yerdə ki, bir incəsənət adamı ürəyində olan hər sözü deyə bilirsə, o elə azadlıqdır.

– Sizin həyatınız haqqında oxuduğum və dinlədiyim zaman gözümün önündə bir film canlanır. Məşhur azərbaycanlı şair Vahid Əzizin də dediyi kimi: “ömür də bir kinodur”. Sizin filminizin ən yaddaqalan və kulminasiya nöqtəsi hesab etdiyiniz epizodu nə olub? Hansı ki, bu həm də sizin bütün həyatınızı dəyişdirən amilə çevrilib?

– Əgər mənə sual versəniz ki, dünyanın ən qaynar nöqtələrində olmusunuz, ən yaxşı yer hara idi? Ya o qədər adamla danışmısız ən yaxşısı kim idi? Deyərəm ki, fəlsəfəmə görə, dünyanın hər günü fərqli yerdə olsam ora o anda mənim üçün ən gözəldir, ən maraqlıdır. Mən belə yaşayıram ki, həmin gün, həmin an hardayamsa, ora mənim üçün ən gözəl olsun. Anda yaşamaq insana rahatlıq verir. Gələcəklə bağlı fikir etmək mənasızdır. Çünki o fikir sanki insanın ayağına daş kimi bağlanır və geriyə çəkir. Elə mövzular olub ki, mənə çox əsər qoyub. Məsələn, Sarayevo şəhəri mühasirədə idi. İnsanlar neçə il idi ki, mühasirədə qalmışdılar. Yemək, su, qaz yox idi, vəziyyət də çətin. İnsanlar evlərinin içərisini qazıb, kartof əkirdilər. Hətta ölülərini evlərində basdırırdılar. O vaxt da bir gün küçədə gəzirdim. Küçədə divara söykənən bir balaca qız uşağı gördüm. Təəccüblü gəldi ki, müharibənin qızğın vaxtı necə belə sakit dayanıb. Sonra gördüm ki, yanında balaca bir stul üzərində gəlinciklər var. Gəlib soruşdum ki, “ay qız, nə edirsən burada, vurarlar axı səni”. Dedi ki, “mən istəyirəm bunları satım. Nənəm 4 gündür acdır, ona çörək alıb aparım”. Burada insanın böyüklüyü görünür. Belə məqamlar yadımdan çıxmır. Müharibələr zamanı görürsən ki, insan nə qədər ucala və aşağıya enə bilər.

– Rza bəy, dünyanın ən qaynar nöqtələrində, onlarla müharibənin episentrində olmusunuz, onun ən dəhşətli uşaq tərəfinə şahidlik etmisiniz. Sizcə, nə vaxtsa, müharibələrin bir sonu olacaqmı?

– Bir zaman gələcək ki, bəlkə 100, bəlkə 500 il, bəlkə də 1000 il sonra zülm sona çatacaq. Necə ki, biz indi geriyə baxıb deyirik ki, insanlar mağaralarda yaşayıblar və sair. Bizdən sonrakılar da elə yanaşacaq. Deyəcək, görün XX-XXI əsrin insanları nə qədər vəhşidirlər ki, pullarını xəstəxana tikmək əvəzinə, tank düzəltməyə xərcləyiblər. Bu söhbət yüz faiz olacaq. Bəşər inkişaf tərəfinə gedir.

– Müharibə bölgələrində foto çəkməyin ən çətin tərəfi nədir?

– Bəlkə yüz dəfədən çox elə vəziyyətdə olmuşam ki, demişəm vəssalam, bitdi daha, xudahafiz. Öz ölümümü görmüşəm. Bir adam ki, öz ölümünü görür, ondan sonra dünyaya başqa cür baxır. Ən çətini müharibə vaxtı özünü ora çatdırmaqdır. Ondan çətini də jurnallarda bu şəkilləri, sözləri yaymaqdır. Neçə dəfə yaralanmışam, amma iş davam edir.

– Yarım əsrlik yaradıcılıq yolu keçən Rza Diqqəti bundan sonra kimin və nəyin şəklini çəkmək istəyər?

– Uşaqlıqdan tutduğum ədalətsizlik və gözəllik yolunu hələ də davam etdirirəm.

– Azərbaycan foto sənəti hazırda özünün hansı mərhələsindədir?

– Deyə bilərəm ki, Azərbaycanda çox yaxşı fotoqraflar var. Amma onlar özünü o zaman göstərə bilərlər ki, əsərlərinə qiymət verilsin. Gərək sərgilər təşkil olunsun, jurnallar çıxsın. Hələ də Azərbaycanda fotoqraflığa “bir dənə foto ver də bizə nə olacaq ki”, – tipli yanaşırlar. Sənət kimi yanaşmırlar. Həmin adam restorana gedib arağa, kababa pul verməyə hazırdır, amma fotoya gələndə deyir nə olacaq ki? Bu fikir təəssüf ki, məmurlarda da var. Belə fikirlər dəyişməyənə qədər Azərbaycan foto sənəti özünü göstərə bilməyəcək.

– Bu gün Azərbaycanda fotoqraf olmaq istəyən yüzlərlə gənc var. Onlara nə tövsiyə edərdəniz?

– İncəsənət başqa bir mövzudur. Həvəslə işə başlayan gənclərə deyirəm ki, vaxtilə imkan yarandı, dünya jurnalları çəkdiyim şəkilləri gördülər. Amma siz daha çox xoşbəxtsiniz. Çünki bir “Instagram” vasitəsilə dünya sizin şəklinizi görə bilər. Fərqliliklərə baxın. İşinizi rahatlıqla çatdıra bilirsiniz, amma gərək ortaya sənət qoya biləsiniz. Aparatınız gərək ürəyinizin üstündə olsun. Bununla da ürək sözünüzü deyə biləsiniz. Ürək öz sözü ilə ürəkləri titrədir. Bəzən şəkillərimə baxanda deyirəm gözüm o qədər yaşlı olub ki, heç şəkli çəkəndə görməmişəm. Əgər həmin anda gözlərim yaşarmasaydı insanların da gözlərini yaşartmazdı.

– Bir az da gələcək planlarınızdan danışaq…

– 40 ildir həm də müəllim kimi işləyirəm və 1000-dən çox tələbələrim olub dünyada. İndi bu yaşımda istəyərdim ki, Azərbaycanda bir foto məktəbi yaradam və gənclərə həm özüm, həm də xaricdən dəvət etdiyim məşhur fotoqraflar vasitəsilə təlimlər keçək. Buranı beynəlxalq foto mərkəzinə çevirmək istərdim. Daha sonra “Müqəddəs Xatirələr” adlı kitab dərc etdirmək istəyirəm. 3 ildir mən Qarabağda bütün məzarları və qəbirləri çəkirəm. Bu kitab çıxanda bütün dünyanı titrədəcək. Çünki belə bir mövzu müasir tarixdə olmayıb. Həmçinin ikinci kitabı – “Sınmış Güzgülər”i işləyirəm. O da ermənilərin bütün tarixi abidələri, tanınmış yerləri necə dağıtdıqları barədədir. Bu kitablar ermənilərin əsl üzlərini dünyaya göstərəcək.

Mənbə: Medianews.az

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT